Bakı. Trend:
Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.
Trend bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Qeyd edilir ki, hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır.
"Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.
Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.
Bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.
Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq", - qurumdan vurğulanıb.
Bildirilir ki, birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək:
"Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.
Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin
tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz
bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən
dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində “Nizami”
stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu
səbəbdən:
• "Dərnəgül" istiqamətindən gələn sərnişinlər “Nizami”
stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün
alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;
• “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May”
stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni
qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli
olacaqlar.
İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti
əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət
gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da
qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi
planlaşdırılır.
Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı
Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət
göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili
istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə
vaxtında məlumat veriləcək.
Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə
narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu,
gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət
edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.
Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur".
"Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.
Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə
yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları
arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə
bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək
platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.
Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval
da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar
metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək
artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və
dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
Bakı Metropoliteni, bu mühüm mərhələnin mümkün qədər operativ
şəkildə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir,
sərgilənəcək anlayışa görə sərnişinlərə və ictimaiyyətə təşəkkürünü
bildirir", qurumdan əlavə edilib.