Bakı. Trend:
Xaricdə təhsil üzrə Dövlət Proqramında təhsillə bağlı bütün xərclər qarşılanır.
Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Təhsil TV"-nin canlı yayımında deyib.
O bildirib ki, buna təhsil xərci, yəni, universitetə ödəniləcək məbləğ daxildir.
"Eyni zamanda tələbələrin təhsil alacağı ölkələrə aid olan müvafiq maliyyələşmə qaydalarında bununla bağlı məlumat yer alır. Həmin ölkələr üzrə hər bir şəxsə aylıq təqaüd ödənilir. Onların beynəlxalq nəqliyyat xərcləri, viza xərcləri və sığorta xərcləri Dövlət Proqramı çərçivəsində qarşılanır", - deyə o əlavə edib.
T.Topalova həmçinin qeyd edib ki, bakalavr və magistr səviyyəsində Dövlət Proqramına qəbul alan hər bir şəxs ikitərəfli müqavilə imzalayır:
"Onların öhdəlikləri ondan ibarətdir ki, təhsillərini uğurla başa vurduqdan sonra ölkəmizə geri qayıdaraq 5 il əmək fəaliyyəti ilə məşğul olmalıdırlar. Eyni zamanda doktorantura təhsil səviyyəsi üzrə burada artıq üçüncü tərəf də var. Yerli ali təhsil müəssisələrinin iştirakı ilə bu proses tənzimlənəcək və üçtərəfli müqavilə imzalanacaq. Bu da xarici ali təhsil müəssisələrində təhsil alan doktorantların artıq gələcəkdə iş yerlərinin indidən müəyyən edilməsi deməkdir. Onların da ölkəyə qayıdaraq yerli ali təhsil müəssisələrində 5 il işləmək öhdəlikləri olacaq".
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilib.