Bakı. Trend:
Çox vaxt insanlar hər ikisindən ünsiyyət qurmaqdan çəkinirlər.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, İİV virusu ilə yoluxma bir neçə faktorların təsirindən asılıdır:
“Bunlara İİV-ə yoluxmuş şəxsin qanında virusun səviyyəsi, virulentliyi, İİV-ə yoluxmuş şəxsin antiretroviral müalicə qəbul edib-etməməsi, İİV-lə yaşayan şəxslə kontaktda olan partnyorun İmmunoloji statusunun vəziyyəti, həmin şəxsdə yanaşı xəstəlik və patologiyaların olması və s. faktorlar aiddir. İİV infeksiyasına yoluxan şəxslər İİV infeksiyası ilə xəstələnmiş şəxs hesab olunur. İİV-ə yoluxmuş şəxslər yoluxmanın ilk həftələrindən artıq yoluxdurucu hesab olunur. Bu şəxslər müalicə qəbul etdikdə onların qanlarında virus yükü izlənilməyəcək həddə qədər enir. Belə olduqda bu şəxslərin yoluxduruculuq qabiliyyəti minimuma enir, qarşı tərəfi demək olar ki, yoluxdurmur. Nizamlı antiviral müalicə qəbul edən şəxslər həmçinin yanaşı infeksiyalara (Opportunistik) yoluxmurlar və həyat keyfiyyətləri saxlanılır. Ümumiyyətlə, İİV infeksiyası cinsindən, irqindən, sosial statusundan və ya yaşından asılı olmayaraq, hər kəsdə ola bilər. Bu məqsədlə, İİV-ə yoluxmanın qarşısının alınmasında profilaktikanın mühüm əhəmiyyəti vardır. Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir”.
F.Məmmədov bildirib ki, Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi olaraq hər zaman profilaktikanın müalicədən daha yaxşı olduğunu qeyd edirlər:
“Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. İİV infeksiyası qan və cinsi yolla yayılan infeksiya olduğundan onun məişət üsulu ilə yayılması mümkün deyil. Odur ki, İİV-ə yoluxmuş şəxslə ünsiyyət qurmaq, əl sıxmaq təhlükəli deyil. Cəmiyyətdə insanlar xəstəliyinə görə stiqma və diskriminasiyaya məruz qalmamalıdır”.