Bakı. Trend:
Elektron xəstəlik vərəqəsi əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödəniləcək müavinətin hesablanması üçün əsas sənəd kimi çıxış edir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova açıqlayıb.
Onun sözlərinə görə, bu sənədin hüquqi qüvvəyə malik olması üçün “Sima” hüquqi imza vasitəsilə səlahiyyətli həkim tərəfindən rəsmiləşdirilməsi tələb olunur:
“Sima” hüquqi imza, Azərbaycan Respublikasında rəqəmsal sənədlərin hüquqi statusunu müəyyən edən normativ-hüquqi aktlara uyğun olaraq elektron imzanın tam hüquqi qüvvəyə malik olmasını təmin edən vasitədir. Bu imza ilə təsdiqlənmiş elektron xəstəlik vərəqəsi kağız daşıyıcıda hazırlanmış vərəqə ilə hüquqi baxımdan eyni dəyərə malikdir və rəsmi sənəd statusu daşıyır. Səlahiyyətli həkimlər tərəfindən Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) üzərindən tərtib edilən elektron xəstəlik vərəqəsi sistem daxilində avtomatik olaraq “Sima” hüquqi imza ilə imzalanır və bununla da sənədin orijinallığı, bütövlüyü və dəyişdirilməzliyi təmin olunur”.
S.Məhərrəmova bildirib ki, hazırlandıqdan sonra, elektron xəstəlik vərəqəsi müvafiq inteqrasiyalar vasitəsilə birbaşa Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ötürülür:
“DSMF bu sənədi əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı ödənişin həyata keçirilməsi üçün rəsmi əsas sənəd kimi qəbul edir. Bu yanaşma kağız sənəd dövriyyəsinə olan ehtiyacı aradan qaldırır, məlumatların emalında insan faktorunu minimuma endirir, müvafiq məlumatların təhlükəsizliyini və şəffaflığını artırır, həm tibb müəssisələrinin, həm sığortaolunan şəxslərin, həm də işəgötürənlərin iş proseslərini sürətləndirir və sadələşdirir”.