Bakı. Trend:
Talassemiya xəstəsi olan qadın hamiləlik planladığında mütləq ixtisaslaşmış tibbi mərkəzdə nəzarət altında olmalıdır. Hamiləlik planlanarkən hematoloq, ginekoloq və genetik müayinəsi birgə icra edilməlidir.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.
Onun sözlərinə görə, əgər xanım xəstə və ya daşıyıcıdırsa, mütləq şəkildə atanın daşıyıcı olub-olmadığı dəqiqləşdirilməlidir:
“Ata da daşıyıcıdırsa, doğulacaq uşaqların talassemiya xəstəsi olma ehtimalı var (25% talassemiya xəstəsi). Bu zaman, preimlantasiya genetik diaqnostikası (PGD) və ya artıq hamiləlik varsa, müvafiq həftələrdə prenatal diaqnostika, yəni dölün ana bətnində genetik yoxlanması zəruri olur. Burada bir çox metodlardan istifadə edilir. 10-12-ci həftədə icra edilən Xorion Villus biopsiyası - bu zaman incə iynə və ya konyula ilə xorion qatıdan aspirə edilərək genetik mutasiya araşdırılır.
Digər müayinə yolu daha tez -tez icra edilən Amniosintez üsuludur. Burada yenə də ümumi anesteziya ehtiyacı olmadan hamiləliyin 16-22-ci həftəsində amnion mayeden genetik skrininq icra edilir. Bir başqa müayinə döl ilə ananı əlaqələndirən göbək kordonundan qan nümunəsi alınaraq Kordiosintez müayinəsi icra edilir. Bu müayinə də 18-ci həftədə informativ ola bilir. Hər 3 üsulda çox aşağı olsa da, dölün düşmə ehtimalı var”.
Ş.Şabanova bildirib ki, bundan başqa hamiləliyi planlanan talassemiyalı ananın hamiləlik öncəsi hemoqlobin səviyyəsi, dəmir yükü, qaraciyər və ürək funksiyaları dəyərləndirilməlidir:
“Talassemiyalı xəstələrdə peroidik eritrosit kütləsi transfuziyası olduğu üçün orqanlarda dəmir toplanması görülə bilir ki, hamiləlik dövründə dəmir qovucu preparatların istifadəsi həkim nəzarəti altında ciddi təqib edilməlidir. Talassemiya daşıyıcısı və ya xəstəsi hamiləlik dövründə Hemoqlobin səviyyəsində ciddi dəyişiklik izləndiyinə görə gərəkli hallarda eritrosit köçürülməsindən qaçınılmamalıdır. Davam etdirilən hamiləlik zamanı diqqətli yoxlanış, qan dəyərləri, ürək fəaliyyəti, dölün inkişafı müntəzəm olaraq nəzarət altında saxlanmalıdır”.