Bakı. Trend:
Dövlət müəssisələrində yeni ştat açılması kifayət qədər çətindir. Lap ştat açılsa belə, gələn yeni həkimə nə vəd edəcəksən? O, neçə ay işləyəcək? Mərhələli imtahandan sonra işdən ayrılmaq səhiyyə sistemində ciddi problemlər yaradır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov komitənin bugünkü iclasında Əmək Məcəlləsi və digər üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr müavini vurğulayıb ki, bu gün Avropada və inkişaf etmiş səhiyyə sisteminə malik ölkələrdə davamlı inkişaf sistemi könüllü, motivasiyaedici və təşviqedici yanaşma üzərindən qurulub və həkimləri cəzalandırmaqdan çox ona inkişaf yolunu göstərmək və dəstək olmaq məqsədilə görülür.
“Yəni həkim imtahandan keçmədiyi zaman Tibb Universitetini qurtarmış insan onsuz da harda nə oxuyacağını bilir. Hansı səbəbdən olubsa da, bu il içərisində 500 dənə ürək əməliyyatı eləmiş insanı sən bir anda imtahan verməyib deyə göndərirsən, 6 ay ona başqa imkan verirsən, o ştata başqa insan alınması xoş görsənə bilər, ideal görsənə bilər, bunun tətbiqi bugünkü ölkəmizdə var olan səhiyyə islahatlarına düşünürəm ki, hansısa əlavə çətinlik yaradacaq.
Bir həkim imtahandan kəsildiyinə görə bu qanunla işdən uzaqlaşdırılması işin gedişatına heç bir müsbət təsir etməz. Qanunda imtahandan kəsilən həkimlər üçün fəaliyyətin tam məhdudlaşdırılmasın qətiyyətlə yolverilməz olduğunu bildirməli, bugünkü reallığı nəzərə alaraq yaxın gələcəkdə bu qanun layihəsində hansısa dəyişikliyi qəbul eləməliyik”, - deyə R.Mahmudov deyib.