...

Ötən il avrobondların investorlara geri qaytarılması xarici dövlət borcunu əhəmiyyətli dərəcədə azaldıb – RƏY

İqtisadiyyat Materials 27 May 2025 11:47 (UTC +04:00)
Ötən il avrobondların investorlara geri qaytarılması xarici dövlət borcunu əhəmiyyətli dərəcədə azaldıb – RƏY
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ili ərzində avrobondların investorlara geri qaytarılması xarici dövlət borcunun əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuş, eyni zamanda dövr ərzində dəyişkən faiz dərəcələri ilə yeni kredit müqavilələri imzalanıb.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

Məlumata görə, ötən illə müqayisədə birbaşa xarici dövlət borcu 20,6% azalaraq 5,129 milyard ABŞ dolları təşkil edib. Hesabat ilinin əvvəli ilə müqayisədə xarici dövlət borcunun həcminin əhəmiyyətli azalması əsasən Azərbaycan Respublikası tərəfindən 2014-cü ilin mart ayında emissiya edilmiş 1,250 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızları üzrə (avrobondlar) dövriyyədə qalan 900 milyon ABŞ dollarının (1,530 milyard manat) xarici investorlara geri qaytarılması ilə bağlıdır.

İl ərzində birbaşa xarici dövlət borcu üzrə imzalanmış xarici borc müqavilələri əsasında faktiki olaraq cəmi 101 milyon ABŞ dolları dəyərində vəsait cəlb edilmiş, lakin həmin dövr ərzində bu vəsaitdən 13,6 dəfə çox və ya 1,375 milyard ABŞ dolları həcmində əsas borc öhdəlikləri kreditorlara geri qaytarılıb.

Hesabat ili ərzində Azərbaycan Hökuməti tərəfindən dəyişkən faiz dərəcəsi ilə cəmi 228 milyon ABŞ dolları ekvivalentində iki kredit müqaviləsi imzalanıb.

➢ Asiya İnkişaf Bankından Sofr+0,6% ilə 131,5 milyon ABŞ dolları

➢ İslam İnkişaf Bankından USD 10Y mid-Swap Rate+2,15% ilə 96,5 milyon ABŞ dolları

“Son dövrlərdə xarici maliyyə institutları sabit faiz dərəcəsi ilə kredit təkliflərini azaltdıqları üçün yeni cəlb edilən borclanmalar əsasən dəyişkən faiz dərəcəsi ilə əldə edilir. Bu kontekstdə qeyd olunmalıdır ki, mövcud xarici dövlət borcunun tərkibində dəyişkən faizli kreditlərin payının olması, eləcə də cari ildən xarici dövlət borclanmasının prioritet istiqamət kimi müəyyən edilməsi və yeni imzalanacaq kredit müqavilələrinin dəyişkən faiz dərəcəsi əsasında cəlb edilməsi ehtimalı qlobal maliyyə bazarlarında istinad faiz dərəcələrinin dəyişməsi və valyuta məzənnələrinin qeyri-sabitliyi şəraitində dövlət borcuna xidmət xərclərinin artması riskini aktuallaşdırır.

Bununla yanaşı, daxili bazarın cari vəziyyəti və alternativin xarici borclanma olduğunu nəzərə alsaq, yeni xarici dövlət borclanmasının şərtlərinin diqqətlə qiymətləndirilməsi, vəsaitin səmərəli istifadə edilməsi və iqtisadi sabitliyin qorunması baxımından əldə edilən vəsaitin əlavə gəlir gətirən sahələrə yönəldilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir”, - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti