Bakı. Trend:
Maliyyə Nazirliyi dövlət büdcəsindən proqnozlaşdırıla bilinməyən hadisələrə böyük məbləğin ayrılmasını düşünmür.
Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Deputatlar fövqəladə hallarla bağlı vəsaitin az olduğunu qeyd etdilər. Fövqəladə halların öncədən proqnozlaşdırılması çox məhduddur. Növbəti il ərzində büdcənin icrası zamanı icra edilməyən vəsaitin məbləğinin çox olmaması üçün xüsusi olaraq böyük məbləğ ayrılmır. Lakin istənilən fövqəladə hallarla bağlı tədbirlər zamanı həm dövlət büdcəsinin ehtiyat fondun, həm də Azərbaycan Prezidentinin Ehtiyat Fondundan lazımı qədər, artıqlaması ilə vəsait ayrılır”, - deyə nazir bildirib.
S.Babayev vurğulayıb ki, eyni zamanda bir qrup vəsait digər köməkçi bölmələrdən bu istiqamətə ayrıla bilir:
“Biz proqnozlaşdırıla bilinməyən hadisə ilə çox böyük məbləğin ayrılmasını düşünmürük. İstənilən fövqəladə vəziyyətlə bağlı köməkçi bölmələrimiz və ehtiyat fondlarımız vasitəsilə ora vəsait ayıra bilirik”.