Bakı. Trend:
Ötən il sadələşdirilmiş vergi üzrə proqnoz göstəriciləri uğurla icra edilsə də, aparılan təhlillər bəzi sahələrə diqqətin artırılmasına ehtiyac olduğunu büruzə verir.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, sadələşdirilmiş vergi üzrə daxilolmalar 373 milyon manat proqnoz 382,9 milyon manat olub ki, bu da 2023-cü illə müqayisədə 25,8 milyon manat və ya 7,2% çoxdur. Sadələşdirilmiş vergi üzrə daxilolmaların 55,3%-ni və ya 211,8 milyon manatını hüquqi şəxslər tərəfindən, 44,7%-ni və ya 171,1 milyon manatını fiziki şəxslər və fərdi sahibkarlar tərəfindən ödənilən vergi məbləğləri təşkil edib, proqnoz hüquqi şəxslərin hesabına yerinə yetrilib.
Belə ki, hüquqi şəxslər üzrə müəyyən edilmiş 189,4 milyon manat proqnoz 211,8 milyon manat, fiziki şəxslər və fərdi sahibkarlar üzrə müəyyən edilmiş 183,6 milyon manat proqnoz isə 171,1 milyon manat məbləğində icra edilib.
Fiziki şəxslər və fərdi sahibkarlar üzrə proqnozun kəsirlə icra edilməsi əsasən mülkiyyətində olan yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi (təsnifat kodu – 114323) ilə əlaqəli olub, bu mənbə üzrə müəyyən edilmiş 66,8 milyon manat proqnoz 55,9 milyon manat səviyyəsində icra edilib, eyni zamanda 2023-cü ilin faktiki daxilolması ilə müqayisədə 3,2% və ya 1,8 milyon manat azalıb.
Bu mənbə ilə yanaşı, pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə ödənilən sadələşdirilmiş vergi üzrə də müəyyən edilmiş 67,5 milyon manat məbləğində proqnoz 2,4% və ya 1,6 milyon manat az olmaqla 65,9 mln. manat səviyyəsində icra edilib.
Qeyd edək ki, proqnozun icra edilməməsinə və vergi orqanlarının məlumatına əsasən qeyri neft-qaz sektoru üzrə bəyannamələr üzrə banklardan nağd qaydada çıxarılan vəsaitlərin qeyri-neft-qaz sektoru üzrə dövriyyələrdə xüsusi çəkisinin 2023-cü illə müqayisədə 0,1% azalmasına, yeni nəsil onlayn kassa aparatları üzrə nağdsız qaydada dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin 2023-cü illə müqayisədə 6,6% artmasına baxmayaraq, bu mənbədən daxil olmuş vəsait 2023-cü illə müqayisədə 1,5% və ya 984,0 min manat artıb.