Bakı. Trend:
Ötən il aksizlər üzrə proqnoz ümumilikdə çox icra edilsə də, ölkə daxili əməliyyatlar üzrə potensialın kifayət qədər yüksək olmasına baxmayaraq, respublika daxilində istehsal olunan məhsullara görə aksizin proqnozu tam icra edilməyib.
Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, ötən il aksizlər üzrə proqnoz 1,553 milyard manata qarşı 1,556 milyard manat məbləğində icra edilib, proqnoz əsasən ölkəyə idxal edilmiş mallara tətbiq edilən aksizlər hesabına təmin edilib.
Ölkə daxilində istehsal olunan məhsullara tətbiq edilən aksizlər üzrə 1,368 milyard manat proqnoz 16,7 milyon manat və ya 1,2% az olmaqla 1,351 milyard manat məbləğində icra edilib. Daxil olan vəsaitin 49,9%-i və ya 674 milyon manatı neft sektorundan, 50,1%-i və ya 677,3 milyon manatı qeyri-neft sektorundan daxil olmuş vəsaitlərin payına düşüb.
Neft sektoru üzrə aksizlər 698 milyon manat proqnoza qarşı 674 milyon manat icra edilib, 2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda bu hal ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının həcminin proqnozlaşdırılandan az olması ilə əlaqələndirilib. Lakin “Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə” hesabata əsasən 2024-cü ildə ARDNŞ üzrə hesablanmış real aksizlərin məbləğinin artmasına baxmayaraq Şirkət üzrə büdcəyə ödənilmiş aksizin hesablamada xüsusi çəkisi azalıb.
Belə ki, ARDNŞ üzrə 2024-cü ildə hesablanmış real aksizlərin məbləğinin 2023-cü illə müqayisədə 3,4% və ya 24,2 milyon manat artmasına baxmayaraq büdcəyə ödənilmiş aksiz məbləği cəmi 0,7% və ya 4,7 milyon manat artıb, ödənilmiş aksizin məbləği 2023-cü ildə real hesablanmış 722 milyon manat aksizin 92,7%-ni təşkil etdiyi halda, 2024-cü ildə bu göstərici 2,4 faiz bəndi azalaraq 746,2 milyon manat real hesablamanın 90,3%-ni təşkil edib.
Qeyd etmək lazımdır ki, vergi qanunvericiliyində vergi ödəyicisinin aksizin ödənişi üzrə borcu olduğu halda bu mallar üzrə aksizin ödənilməsinədək malların təqdim edilməsi ilə bağlı kifayət qədər ciddi tədbirlər nəzərdə tutulması çərçivəsində ARDNŞ üzrə real hesablanmış aksizə görə ödənilməmiş məbləğ 2023-cü ildə 52,6 milyon manat, 2024-cü ildə isə 72,2 milyon manat təşkil edib.
Göründüyü kimi, ölkə daxilində istehsal olunan məhsullara tətbiq edilən aksizlər üzrə müəyyən edilmiş proqnozun artıqlaması ilə icra edilməsi üçün kifayət qədər mənbə olmasına baxmayaraq potensial tam reallaşdırılmayıb.