Bakı.Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Yergüc kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Yergüc, Sərkərli, Armudpadar, Padar, Üçgünqışlaq və Üryanoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildirib, həmçinin su təchizatının yaxşılaşdırılması, yeni salınan yaşayış massivlərinin qazlaşdırılması və torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.