...

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilir

Cəmiyyət Materials 5 Dekabr 2025 11:16 (UTC +04:00)
Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdirilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cərimələr sərtləşdiriləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlerinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər 3 min manat (hazırkı cərimə: 1 500 manat) məbləğində, vəzifəli şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində, hüquqi şəxslər 20 min manat (hazırkı cərimə: 10 min manat) məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə, 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək.

Həmçinin, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə görə, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər 1 500 manat məbləğində, vəzifəli şəxslər 3 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə ediləcək.

Bununla yanaşı, Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə fiziki şəxslər 700 manat məbləğində, vəzifəli şəxslər 1000 məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək. Bu əməllərin törədilməsi nəticəsində mədəni sərvətlərin korlanmasına görə, bu az miqdarda (“az miqdarda” dedikdə 3 min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurduqda fiziki şəxslər 5 min manat məbləğində, vəzifəli şəxslər 10 min manat məbləğində, hüquqi şəxslər 30 min manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat (hazırkı cərimə: 200 manat) məbləğində, vəzifəli şəxslər 1 500 manat (hazırkı cərimə: 500 manat) məbləğində, hüquqi şəxslər 6 min manat (hazırkı cərimə: 3 min manat) məbləğində cərimə ediləcək.

Mövcud qanunvericiliyə görə, sözügedən tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə edilir.

Bundan əlavə, inşaat və digər təsərrüfat işləri görülərkən tarix və ya mədəniyyət abidəsi aşkar edildikdə dərhal işləri dayandıraraq, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə, habelə dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin dövlətə təhvil verilməməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 3 min manat məbləğində cərimə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti