Bakı. Trend:
Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır.
Trend xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev bu gün Bakıda keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir: “Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir.
Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri ders dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda, şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir.
Toplanmış məlumatlar əsasında dərslik müəllifi komandalarına təklif və tövsiyələr təqdim olunur. Dərsliklərin toplanılması və qiymətləndirilməsi prosesi davamlı fəaliyyət olaraq həyata keçirilir".
