Bakı. Trend:
Yaradıcılıq məzuniyyətləri və onların müddətləri qaydalarında dəyişiklik ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti verilə bilər.
Layihəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri veriləcək.
Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə işəgötürənlə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq məzuniyyəti veriləcək.
Mövcud qanunvericiliyə görə, yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır.
Layihəyə əsasən, yaradıcılıq məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsində nəzərdə tutulmuş orta əmək haqqı və onun hesablanması qaydasında müəyyən edilən orta əmək haqqı ödəniləcək.
