Bakı. Trend:
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50 nəfərdən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı 50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən birinin əmək funksiyasına daxil ediləcək.
Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi təsis ediləcək.
