Bakı. Trend:
“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə (bundan sonra – Agentlik) tapşırılıb.
Agentlik Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Keyfiyyət informasiya sistemində formalaşan açıq məlumatların “Açıq məlumatlar” portalında yerləşdirilməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Agentlik ilə birlikdə Keyfiyyət informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili, aparılması və təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
