Bakı. Trend:
Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən benzin, dizel və maye qaza görə yol vergisi artırılacaq.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,05 manat artırılaraq 0,07 manat olmaqla hesablanacaq və topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) əlavə ediləcək.
İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,05 manat artırılaraq 0,07 manat olmaqla hesablanacaq və Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (idxal rüsumu, aksiz və ƏDV daxil olmaqla) əlavə ediləcək.
Müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
