Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Hesablama Palatasından Trend-ə verilən məlumata görə, iclasın birinci hissəsində 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərin timsalında) səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələri Hesablama Palatasının auditoru Cavid Bayramov tərəfindən təqdim edilib.
Bildirilib ki, müzakirələrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və digər məsul şəxslər iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Hesablama Palatasının təklif və tövsiyələri nəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.
İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.
