Bakı. Trend:
2026-cı ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrində
(HHQ) inspeksiya yoxlamaları keçirilib.
Yoxlamalar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin
hərbi hissənin ərazisindəki büstünün ziyarəti ilə başlayıb.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, şəxsi heyətə və maddi tədris bazasına sıra baxışları keçirildikdən sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən
qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş
növbətçiliyinin təşkili və aparılması, maddi-texniki təminatın
vəziyyəti, qərargahların fəaliyyəti yoxlanılıb. Həmçinin şəxsi
heyətdən komandir və fiziki hazırlıq üzrə normativlər qəbul
edilib.
Daha sonra uçuş və texniki heyətlə görüşlər keçirilib. Hərbi
aviasiyanın döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv
istifadəsi məqsədilə həyata keçirilən proseslər qiymətləndirilib,
uçuş-enmə zolaqları və trenajor siniflərinə baxış olub.
İnspeksiya zamanı hərbi pilotların uçuş təcrübəsi və təlim-məşq hazırlığının plana uyğun icrası dəyərləndirilib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi, müasir silah və texnikanın praktik mənimsənilməsi, eləcə də təlim və məşqlərin keyfiyyəti yoxlanılıb.
Yoxlamaların nəticələrinə əsasən, HHQ-nin xidməti-döyüş fəaliyyəti və şəxsi heyətin təlim-döyüş vərdişləri müsbət qiymətləndirilib.
