Mətbuat Şurası "Azadlıq" blokunun sentyabrın 25-də paytaxtın mərkəzində keçirdiyi icazəsiz mitinqdə jurnalistlərin informasiya almaq hüquqlarının monitorinqini aparıb. Bu barədə Trend ə Mətbuat Şurasından (MŞ) məlumat verilib.
Monitorinqlə bilavasitə MŞ-nin mətbuatla dövlət qurumları arasında problemlərin həlli ilə Daimi Komissiyasının əlaqələndiricisi İbrahim Məmmədlinin rəhbərlik etdiyi qrup məşğul olub. İ.Məmmədli bildirib ki, mitinqdən əvvəl MŞ Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsi rəhbərliyi ilə əlaqə saxlayaraq aksiyanı işıqlandıran jurnalistlərin təhlükəsizliyinin təmin olunmasına dair müzakirələr aparıb. Qərarlaşdırılıb ki, mitinqə Şuranın xüsusi gödəkçələrində qatılan jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi üçün polis əməkdaşları tərəfindən heç bir maneə olmayacaq.
İ.Məmmədlinin məlumatına görə, aksiyanı həmin geyimdə işıqlandıran KİV təmsilçilərinin peşə borcunu yerinə yetirməsi üçün normal şərait yaradılıb. Lakin paytaxtın "Nizami" kinoteatrının qarşısında mitinqçilərlə polislər arasında baş verən qarşıdurma zamanı bir neçə jurnalistə də xətər yetirilib. "Yeni Müsavat" qəzetindən Rey Kərimoğluna, "Aydınlıq" qəzetindən Sakit Məmmədova təzyiq göstərilib, "Azəri press" informasiya agentliyinin fotomüxbiri Zöhrab Zeynalovun, "Yeni Müsavat" qəzetinin əməkdaşı Məhəbbət Orucovun foto kameraları sındırılıb. Hadisə zamanı, habelə ANS telekanalının operatoru İbrahim Telmanoğlu xəsarət alıb. İ.Məmmədlinin sözlərinə görə, adı çəkilənlərdən ikisi aksiyada MŞ-nin xüsusi geyimlərində iştirak edib. Ümumən, jurnalistlərin əksəriyyəti fəaliyyətlərini onlar üçün nəzərdə tutulan xüsusi geyimlərdə həyata keçiriblər.
Mətbuat Şurası KİV rəhbərlərinə müraciət edib ki, onlar hər hansı aksiyanın icazəli, yaxud icazəsiz keçirilməsindən asılı olmayaraq ora göndərdikləri əməkdaşların MŞ-nin xüsusi gödəkçələrini geyinmələrinə diqqət yetirsinlər.
Mətbuat Şurası eyni zamanda bildirib ki, baş vermiş xoşagəlməz hallarla bağlı faktik materiallar müzakirə olunmaq üçün müvafiq orqanlara göndəriləcək və bunlarla bağlı ciddi ölçü götürüləcək.