...

Azərbaycanın Təhsil nazirliyi və Cisco Systems şirkəti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb

Cəmiyyət Materials 2 Fevral 2006 11:05 (UTC +04:00)

Azərbaycanın Təhsil nazirliyi və Cisco Systems şirkəti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətin məlumatında bildirilir.

Qarşılıqlı anlaşma haqqında memorandum hər iki tərəfin təhsil sahəsində və müxtəlif birgə layihələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini rəsmən təsbit edib.

Memoranduma əsasən, birgə fəaliyyətin əsas istiqamətlərindən biri bütün respublika ərazisində Cisco şəbəkə akademiyası /Cisco Networking Academy/ proqramını inkişaf etdirməkdir. Həyata keçirildiyi 1997-ci ildən bəri bu proqramın fəaliyyəti ABŞ-ın 50 ştatına, o cümlədən Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Özbəkistan və Ukrayna da daxil olmaqla 150-yə qədər ölkəyə yayılıb. Hazırda dünyada 10 mindən artıq Cisco şəbəkə akademiyası fəaliyyət göstərir və bu akademiyalarda 450 mindən, MDB ölkələrindəki akademiyalarda isə 3 mindən artıq dinləyici təhsil alır.

Bu proqram təhsil müəssisələri ilə birgə həyata keçirilir.

Azərbaycanda ilk yerli akademiya 2000-ci ildə respublikada AzNET şirkəti tərəfindən həyata keçirilən BMT-nin inkişaf proqramı çərçivəsində açılıb. 2004-cü ildə bu akademiya MDB ərazisində ən yaxşı akademiya kimi tanınıb və regional status əldə edib. Hazırda respublikada 8 belə təhsil müəssisəsi var. Memorandumun imzalanması mərasimində o da vurğulanıb ki, gələcəkdə Cisco şəbəkə akademiyası proqramı BMT-nin inkişaf proqramı və AzNET şirkəti ilə sıx qarşılıqlı fəaliyyətdə genişləndiriləcək.

Memorandumda, həmçinin, o da nəzərdə tutulur ki, Cisco şirkəti Azərbaycanın təhsil nazirliyinə yerli məktəblərin İnternet şəbəkəsinə qoşulmasında kömək edəcək.

Xəbər lenti

Xəbər lenti