...

Bakı Şəhər İcra Hakimiyyəti fevralın 11-də dindarların yürüş-mitinq keçirməsinə icazə vermədi

Cəmiyyət Materials 9 Fevral 2006 17:08 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti dini təşkilatların fevralın 11-də planlaşdırdığı yürüş-mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Aksiya təşkilatçılarına verilən cavab məktubunda bildirilib ki, bəzi Avropa ölkələrinin mətbu orqanlarında Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunmasını dünya müsəlmanları kimi Bakı Şəhər İcra Hakimiyyəti də qəti şəkildə pisləyir. Həmçinin belə hərəkətlərə qarşı Azərbaycan müsəlmanlarının barışmaz mövqedə dayanması da təqdirəlayiq hal kimi qiymətləndirilib. Məktubda eyni zamanda qeyd olunub ki, antiislam kampaniyasına Azərbaycanın kütləvi informasiya vasitələrində münasibət bildirilib, belə hallar pislənilib. Bütün bunları nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti kütləvi etiraz aksiyasının keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib.

Qeyd edək ki, dini təmayüllü qeyri-hökumət təşkilatlarını birləşdirən "Dəyərlər" Vətəndaş İttifaqının təşəbbüsü ilə fevralın 11-də saat 15.00-dan 16.30-dək metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" kinoteatrının qarşısındakı meydanadək yürüş-mitinq keçirilməsi nəzərdə tutulmuşdu. Azərbaycanlı dindarlar yürüş-mitinq keçirməklə Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunduğu bəzi Qərb dövlətlərindən islama qarşı təhqiramiz hərəkətlərə son qoymalarını tələb etmək niyyətində idilər.

Aksiyanın təşkilatçılarından biri "Cümə" məscidinin imam-camaatı İlqar İbrahimoğlu bildirib ki, yürüş-mitinqin keçirilib-keçirilməməsinə dair qərarı fevralın 10-da verəcəklər.

Xəbər lenti

Xəbər lenti