Keçən həftə Azərbaycanın Salyan rayonunda bir nəfər (Əsgərova Nabat) "quş qripi"ndən deyil, pnevmoniyadan vəfat edib. Bu barədə Trend ə Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
"Nazirlik və dövlət baytarlıq xidmətinin mütəxəssisləri tərəfindən aparılmış ibtidai araşdırmalara əsasən müəyyən olunub ki, bu şəxs "quş qripi" virusundan ölməyib. Amma buna baxmayaraq, analizlər xüsusi laboratoriyaya göndəriləcək", - deyə o qeyd edib.
Elə həmin rayonda daha bir qzın ölümü ilə bağlı məsələyə toxunan S.Məmmədova bildirib ki, o, fevralda onkoloji xəstəlikdən vəfat edib.
Nazirliyin mütəxəssisləri hazırda Salyan rayonundadır və araşdırmalar aparır. "Kəskin respirator virusuna yoluxması ehtimal olunan şəxslər hospitallaşdırılıb. Onlar müntəzəm olaraq yoxlamadan keçir. Bu şəxslərdən 6-sı ağ ciyər xəstəlikləri üzrə ETİ-də, 2-si Bakı şəhərindəki 7 saylı xəstəxanada, da 2 nəfər isə Salyan rayon mərkəzi xəstəxanasındadır. 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə yaxşılaşmaqdadır. Bu şəxslərin "quş qripi" virusuna yoluxmadığına böyük ehtimal var", - deyə o qeyd edib.
Bütün bu xəstələrin (vəfat edənlər də daxil olmaqla) analizlərinin tez bir zamanda öyrənilməsində çətinlik Qahirə və London laboratoriyalarında böyük növbənin yaranması ilə əlaqədardır. "Analizlər bu laboratoriyalara bütün Avropadan daxil olur", - deyə o, sonda bildirib.