...

Ramil Səfərovla bağlı sonuncu ekspertiza qərəzli keçirilib

Cəmiyyət Materials 16 Mart 2006 14:19 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanı öldürməkdə təqsirləndirilən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun psixoloji durumu ilə əlaqədar sonuncu ekspertiza qərəzli keçirilib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Ramil Səfərovun ailəsinin qanuni nümayəndəsi Adil İsmayılov Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

A.İsmayılovun sözlərinə görə, Ramil Səfərovla bağlı sonuncu ekspertizaya ilk və qərəzli ekspertiza keçirmiş ekspert Qal Katalinin müdaxiləsi olub. "İbtidai istintaq zamanı ilk ekspertiza rəyini vermiş ekspert Qal Katalin Ramil Səfərovu hadisəni törətməmişdən əvvəl və törətdiyi anda tam anlaqlı hesab etmişdi. Ancaq ikinci ekspertizanı başqa ekspert keçirdi və rəydə hadisə zamanı Ramilin qismən anlaqlı olduğu göstərildi. Bu iki rəy arasındakı ziddiyyəti aradan qaldırmaq üçün məhkəmə üçüncü dəfə ekspertiza təyin etdi. Bu zaman iş üzrə ilk və qərəzli mövqe tutan ekspert Qal Katalin məhkəmədən xahiş etmişdi ki, üçüncü ekspertizanı onun təklif etdiyi ekspertlər keçirsin" - deyə A.İsmayılov söyləyib.

Vəkil bildirib ki, təklif absurd hesab edilib və qəbul olunmayıb. Nəticədə üçüncü ekspertiza obyektiv keçirilib və Ramil Səfərovun anlaqsız olduğu təsdiqlənib. Lakin hakim bu rəyi qəbul etmədikdə və sayca dördüncü ekspertiza təyin olunanda Qal Katalin bir daha təklifini təkrarlayıb. "Məhkəmə bu dəfə də ekspertizanı Qal Katalinin təklif etdiyi ekseprtlərə deyil, başqa bir instituta həvalə etmişdi. Lakin buna baxmayaraq son anda qərar dəyişdirilib və dördüncü ekspertiza Qal Katalinanın təklif etdiyi ekspertlər tərəfindən keçirilib. Nəticədə həmin ekspertlər də Qal Katalinanın məhkəməyə təqdim etdiyi ilk rəyə uyğun - yəni Ramilin tam anlaqlı olması barədə rəy verib. Bu rəy də məhkəmə tərəfindən qəbul edilib" - deyə A.İsmayılov bildirib.

Vəkil bildirib ki, R.Səfərovla bağlı keçirilən bütün məhkəmə iclaslarında Ermənistanın Müdafiə Nazirliyinin, Hərbi Prokurorluğunun və digər qurumlarının nümayəndələri iştirak edir. Azərbaycan tərəfdən isə sonuncu prosesdə ilk dəfə olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti