Türkiyənin 12 aparıcı universiteti azərbaycanlı abituriyentlərin təhsil alması üçün 47 yer ayırıb. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyində bildirilib.
Abituriyentlər Ankara, Boğaziçi, İstanbul və digər universitetlərdə 21 ixtisas üzrə təhsil alacaqlar. Tədrisin ingilis dilində aparıldığı universitetlərə qəbul olunanlar ingilis dilində bir il tədris kursu keçəcək. Bu müddət təhsil müddətinə daxil deyil. Müsabiqədən keçmiş bütün abituriyentlər türk dilinin öyrənilməsi üzrə hazırlıq kursları keçəcək. Bütün təhsil xərclərini Türkiyə hökuməti öz üzərinə götürür.
Xatırladaq ki, Türkiyə universitetlərinə sənədlərin qəbulu martın 22-dən aprelin 14-dək Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində aparılır.