...

Akif Nağı: Bundan sonra Ramil Səfərvoun taleyini Macarıstan məhkəmələrinə etibar edə bilmərik

Cəmiyyət Materials 15 Aprel 2006 13:29 (UTC +04:00)

Bundan sonra Ramil Səfərovun taleyini Macarıstan məhkəmələrinə etibar edə bilmərik. Trend in xəbərinə görə, bu sözləri aprelin 15-də keçirdiyi mətbuat konfransında Ramil Səfərovun huquqlarının müdafiə komitəsinin sədri Akif Nağı söyləyib.

O bildirib ki, Budapeşt şəhər məhkəməsi Azərbaycan ordusunun zabiti Ramil Səfərov barəsində ədalətsiz və son dərəcə ağır hökm çıxarıb. Bu hökm göstərir ki, Macarıstanda ədalətli məhkəmə sistemi yoxdur. "Məhkəmənin qərarı ilə Macarıstan hakimiyyəti və məhkəməsi özlərini nəinki rüsvay etdi, həm də erməni lobbisinin təsiri altında olduqlarını göstərdi. Bu ölkənin apellyasiya və digər məhkəmə instansiyalarına müraciət etməyin heç bir mənası yoxdur" - deyə A.Nağı bildirib.

A.Nağı onu da qeyd edib ki, ilk ədalətsizlik və qanun pozuntusu Ramil Səfərovun və Qurgen Markaryanın hərbçi olmasına baxmayaraq bu işə hərbi məhkəmədə deyil, mülki məhkəmədə baxılması olub.

"Bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycan hakimiyyəti təcili olaraq Ramil Səfərovun vətənə qaytarılmasına çalışmalıdır. Onun Macarıstanda qaldığı hər gün həyatı üçün təhlükədir. Bundan başqa, Ramil Səfərovun işi ilə bağlı Macarıstanın başqa məhkəmə instansiyalarına müraciət etməyə ehtiyac yoxdur. Onun işinə ya NATO xətti ilə hərbi məhkəmədə, ya da Avropanın hər hansı neytral ölkəsində baxılmalıdır. Biz Macarıstan məhkəməsinə inanmırıq" - deyə o vurğulayıb.

A.Nağı daha sonra Azərbaycan hakimiyyətinin Macarıstanla siyasi, diplomatik, iqtisadi münasibətlərinə yenidən baxmasını təklif edib. Onun fikrincə, həmin ölkənin vətəndaşları Azərbaycanda arzuolunmayan şəxslər hesab edilməlidir.

Xəbər lenti

Xəbər lenti