Mayın 30-da Redaktorlar Birliyinin təşəbbüsü ilə bir qrup jurnalist Sabir bağında piket keçirib. Trend in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya polislərin nəzarəti altında keçirilib.
Saat 14 radələrində jurnalistlər Sabir bağına toplaşmağa başlayıblar. Polis əməkdaşları piketçilərin bir qədər kənarda toplaşaraq dinc şəkildə tədbir keçirməsinə, çıxışlar etməsinə şərait yaradıb. "Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu çıxışında bildirib ki, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi faktı jurnalistlərə ilk təzyiq deyil. O, mərhum jurnalist Elmar Hüseynovun qətlinin hələ də açılmamasını xatırladıb. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid çıxışında bildirib ki, jurnalistlərə təzyiq göstərənlər, onlara sifariş verənlər tapılıb ifşa olunana qədər etiraz aksiyaları davam etdiriləcək. Sonra onun çıxışında radikal fikirlər səsləndirməsi piketin dağıdılmasına səbəb olub. Piketi kənardan müşahidə edən Səbail Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Kamal Vəlişov Qənimət Zahidin çıxışını dayandıraraq aksiyanın başa çatdırılmasına göstəriş verdi. K.Vəlişovla Q.Zahid arasında insident yarandı və baş redaktor polislər tərəfindən saxlanıldı. Az sonra
Q.Zahid sərbəst buraxıldı və jurnalistlər dağılışmağa başladılar.
Qeyd edək ki, sonda aksiyanın qətnaməsinin oxunmasına imkan verilmədi və polislər qətnaməni aksiyaçıların əlindən aldılar. Lakin jurnalistlərin piketi qarşıdurma olmadan başa çatdı.