İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsi son 1 il ərzində keçirdiyi məhkəmələrin monitorinqinə dair hesabat harızlayıb. Bu barədə Trend ə Komitənin sədri Akif Əlizadə məlumat verib.
Layihə çərçivəsində hüquqşünaslardan ibarət qrup 1 il ərzində ayda bir dəfə olmaq şərtilə regionlara səfər edib və ümumilikdə 50 rayon məhkəməsində monitorinq aparıb. Monitorinqə 1 iyun 2006-cı il tarixdə yekun vurulub.
Monitorinq zamanı müəyyən edilib ki, rayon məhkəmələri hakimlərinin xeyli hissəsi işə vaxtında gəlmir. Belə ki, məhkəmələrdə iş vaxtı 09.00-da başlasa da, hakimlər işə saat 10.00 radələrində gəlirlər.
Əksər rayon məhkəmələrində ayrı-ayrı hallar istisna olmaqla məhkəmə prosesləri məhkəmə iclas zalında yox, hakimlərin xidməti kabinetlərində keçirilir.
Xanlar rayon Məhkəməsində bir məhkəmə zalı var. Bu zalda isə məhkəmə hakimiyyətinin atributları yoxdur. Monitorinq zamanı müəyyən edilib ki, Dəvəçi, Xanlar, Qax, Oğuz, Siyəzən və digər rayon məhkəmələrində isə müşavirə otağı yoxdur.
Məhkəmələrdə əsas problem hakimlərin sayca azlığıdır. Bir hakimin ay ərzində 6-7 işə baxması və yekunlaşdırması, bundan əlavə isə digər hakimlərlə köməkçi hakim kimi işə çıxması mühakimənin keyfiyyətsizliyinə dəlalət edən əsas səbəbdir.
Məhkəmələrin monitorinqinə dair geniş hesabat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunacaq.