...

Dövlət ittihamının müdafiəsi ilə bağlı prokurorluğun regional bölmələri yaradılacaq

Cəmiyyət Materials 20 İyun 2006 17:52 (UTC +04:00)

Dövlət ittihamının müdafiəsi ilə bağlı prokurorluğun regional bölmələri yaradılacaq. Trend Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin və Baş prokuror Zakir Qaralovun Gəncə, Əli Bayramlı şəhərlərinə, Şəki rayonuna birgə ezamiyyətləri çərçivəsində bu məsələ ilə bağlı müzakirələr aparılıb.

Həmin bölgələrdə hakimlərin, prokurorluq və ədliyyə işçilərinin, həmçinin vəkillərin iştirakı ilə müşavirələr keçirilib. Müşavirələrdə dövlət başçısının məhkəmələrin müasirləşdirilməsinə dair fərmanının icrası üzrə həyata keçirilən kompleks tədbirlər vurğulanıb.

O cümlədən regionlarda yeni məhkəmələrin yaradılmasının bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşmasında, yerli hüquqşünasların işlə təmin olunmasında xüsusi əhəmiyyəti qeyd edilib. Bununla əlaqədar yerlərdə vəkillik xidmətinin təkmilləşdirilməsinin, dövlət ittihamının müdafiəsi ilə bağlı prokurorluğun regional bölmələrinin yaradılmasının nəzərdə tutulduğu bildirilib.

Səfər çərçivəsində yeni yaradılan məhkəmələrə əlverişli yerdə binaların tikilməsi ilə bağlı yerli icra hakimiyyəti və aidiyyəti dövlət orqanlarının təklifləri də nəzərdən keçirilib. Eyni zamanda bu binalar tikilənədək məhkəmələrin müvəqqəti yerləşdirilməsi üçün binalar seçilib, onların məhkəmə fəaliyyətinə uyğunlaşdırılması məqsədilə görüləcək işlər müəyyən edilib.

Səfərlər zamanı vətəndaşların qəbulu keçirilib, onların qaldırdıqları problemlərin həlli istiqamətində aidiyyəti orqanlara müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti