Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası baş katibinin müavini xanım Mod de Bur-Bukkikio ilə görüşüb. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazir bəşəri dəyərlərə və demokratik prinsiplərə daim sadiq olan Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. O, həmçinin məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən ən demokratik və şəffaf qaydalar əsasında hakimliyə namizədlərin seçilməsi ilə bağlı görülən konkret işləri diqqətə çatdırıb.
F.Məmmədov Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edərək, bu yaxınlarda Strasburqda keçirilən Yerli və Regional Hakimiyyətlər Konqresinin ümumi sessiyasında iştiraknı və Cənubi Qafqazda yerli və regionla demokratiya mövzusunda çıxışını, Avropa Şurasının rəhbərləri ilə görüşlərini xatırlayıb.
Xanım Mod de Bur-Bukkikio Azərbaycanda həyata keçirilən demokratik dəyişiklikləri müsbət dəyərləndirərək, məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı görülən işləri böyük maraqla izləndiyini və ölkəmizdə məhkəmə fəaliyyətinin beynəlxalq standartlara uyğun yeniləşməsinə Avropa Şurasının bundan sonra da hərtərəfli yardım etməyə hazır olduğunu bildirib.