...

Şərur rayonunda olimpiya kompleksinin tikilməsinə qərar verilib

Cəmiyyət Materials 14 İyul 2006 19:12 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-12-də Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov məlumat verib.

O bildirib ki, səfər zamanı nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb, Şərur, Ordubad, Culfa, Babək, Sədərək rayonlarında olub. Ölkə prezidentinin tapşırığı əsasında Şərur rayonunda olimpiya kompleksinin tikilməsinə qərar verilib. NMR-nın Dövlət Universitetinin nəzdində tikilən idman kompleksinin avadanlıqlarla təmin olunmasına söz verilib. Həmçinin növbəti gənclər forumunun bir plenar iclasının Naxçıvan muxtar Respublikasında keçirilməsi üzərində düşünülür.

"Ümumilikdə Naxçıvan Muxtar Respublikasında həm hərbi-vətənpərvərlik, həm gənclər, idman, həm də tikinti sahəsində yeniliklər, inkişaf var. Hesab edirik ki, bu proses Azərbaycan üçün çox əhəmiyyətli bir bölgə olan Naxçıvan Muxtar Respublikasında davamlı xarakter alıb və lazımi səviyyədədir. Ona görə də gənclər, idman sahəsindəki vəziyyəti çox yüksək qiymətləndiririk. Belə səfərlərin isə gələn ilin əvvəllərində yenidən həyata keçirilməsi planlaşdırılır. Ümumiyyətlə, şimal-qərb bölgəsinə səfərlər olub. Nazirliyin bu ilin sonuna qədər ölkənin cənub bölgələrinə və Mərkəzi Aran rayonlarına səfərləri olacaq"-deyə Gənclər və İdman Nazirliyinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti