Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) iki üzvü Bakıda nəşr olunan "Hümmət" qəzetinin nüsxələrini avqustun 8-i saat 10.30-da Gürcüstanın Marneuli rayonunda paylayarkən hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend ə GAMA prezidenti Daşqın Gülməmmədov bildirib.
D.Gülməmmədov onu da əlavə edib ki, qəzetin 300 nüsxəsi müsadirə olunub: "Tbilisidə azərbaycanlıların yaşadığı "Meydan" məhəlləsində isə qəzetin 50 nüsxəsi müsadirə olunub. Bu işi Gürcüstan DİN Əks Kəşfiyyat Departamentinin əməkdaşları həyata keçirib". GAMA prezidenti qeyd edib ki, "Hümmət" qəzetində Gürcüstan iqtidarının fəaliyyəti ilə bağlı tənqidi yazılar verilib. Ancaq əvvəllər belə bir müsadirələrin olmadığını deyən D.Gülməmmədov bu prosesin son vaxtlar həyata keçirildiyini bildirib.
D.Gülməmmədov onu da bildirib ki, dəqiqləşdirmələrinə görə belə bir göstəriş Gürcüstan DİN Əks Kəşfiyyat Departamentinin rəisi Şalva Jgenti tərəfindən verilib: "Həmin departament Gürcüstanda yaşayan azərbaycanlılar arasında Azərbaycan mətbuatının yayılmasının qarşısını almaq istiqamətində fəallaşıb".