...

Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında Konvensiyaya həsr olunmuş konfrans keçirilib

Cəmiyyət Materials 25 Avqust 2006 13:30 (UTC +04:00)

Avqustun 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiyanın qüvvəyə minməsinin 25 illiyinə həsr olunmuş konfrans keçirilib. Trend in məlumatına görə, konfransda Milli Məclisin deputatları, Təhsil və Ədliyyə nazirliklərinin, Ombudsman Aparatının və digər dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, qadın-kişi bərabərliyinin təmin edilməsi, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə BMT tərəfindən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" beynəlxalq Konvensiya qəbul edilib, 1975, 1985-ci illərdə ümumdünya qadın onillikləri keçirilib. Azərbaycan Respublikası 1995-ci ildə həmin Konvensiyaya qoşulub, bu beynəlxalq sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün ölkəmizdə müvafiq tədbirlər hyata keçirilib. H.Hüseynova əvvəlcə Qadın Problemləri üzrə Dövlət Komitəsinin, sonra prezident İlham Əliyevin 2006-cı il 8 fevral tarixli sərəncamı ilə indiki Dövlət Komitəsinin yaradıldığını diqqətə çatdırıb.

Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun professoru Rəna Mirzəzadə məruzəsində Azərbaycanın Konvensiyaya qoşulması tarixindən və bu günkü reallıqlardan danışıb. Məruzəçi hazırda həmin Konvensiyaya 181 ölkənin qoşulduğunu, 1995-ci ildə Azərbaycan Milli Məclisində də ratifikasiya olunduğunu qeyd edib. R.Mirzəzadənin sözlərinə görə, bundan sonra Azərbaycanda qadın təşkilatlarının formalaşması, sayının artması prosesi başlanıb. Onun fikrincə, bütün görülən işlərlə bərabər, ölkəmizdə qadınlarla bağlı xüsusi prezident komissiyasının yaradılmasına ehtiyac var.

Milli Məclisin Sosial-Siyasət daimi Komissiyasının sədri Hada Rəcəbli isə qeyd edib ki, əvvəlki on illiklərlə müqayisədə hazırda parlamentdə qadınların sayı azalıb. Millət vəkili bildirib ki, qadınlara qarşı təcavüz, zorakılıqla bağlı qanunlar sərtləşdirilməlidir. Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova "Adət-ənənələrin və stereotiplərin gender bərabərliyinə təsiri" mövzusunda məruzə edib, Azərbaycan xalqının milli mentaliteti və qədim irsində qadının rolundan, ona olan münasibətdən danışıb. İ.Hacıyeva qeyd edib ki, qədim abidələrimiz, dastanlarımız və digər tarixi faktlar Azərbaycanda qadınlara qarşı yüksək münasibəti, onların bir çox sahələrdə kişilərlə bərabər olduğunu göstərir. O əlavə edib ki, Azərbaycanda bir çox dünya dövlətlərindən xeyli qabaq - hələ 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə qadınlara seçmək və seçilmək hüququ verilib.

Ombudsman Elmira Süleymanova və digər çıxışçılar Azərbaycan cəmiyyətində qadınların rolu, problemləri, həmçinin onlara qarşı dövlət qayğısından danışıblar.

Xəbər lenti

Xəbər lenti