...

Gürcüstan parlamenti ölkədən deportasiya olunmuş Ahıska türklərinin vətənə repatriasiyası ilə bağlı sənədi müzakirə edəcək

Cəmiyyət Materials 31 Avqust 2006 14:37 (UTC +04:00)

Sentyabrın 25-dən sonra Gürcüstan parlamentində Gürcüstandan deportasiya olunan Ahıska türklərinin vətənə repatriasiyası ilə bağlı "XX yüzilliyin 40-cı illərində Gürcüstandan zorla köçürülən əhalinin geriyə qaytarılması" adlanan qanun layihəsi müzakirə olunacaq. Bu barədə Trend ə Ahıska türklərinin Azərbaycan "Vətən" Cəmiyyətinin sədri İbrahim Burxanov bildirib.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi Avropa Şurasının Monitorinq Komitəsində müzakirə olunaraq qəbul edilib. İ.Burxanov bildirib ki, sənəd baxılmaq üçün onlara təqdim olunmalıdır: "Ancaq dəfələrlə müraciət etməyimizə baxmayaraq bu vaxtədək bizə sənədi verməyiblər. Avqustun 29-da yenidən Gürcüstanla əlaqə saxladıq, bildirdilər ki, sentyabrın 5-dək redaksiya işləri başa çatdıqdan sonra sənəd Azərbaycana göndəriləcək". İ.Burxanov qeyd edib ki, sənəd ingilis və pus dillərinə də tərcümə olunacaq.

İ.Burxanov onu da əlavə edib ki, ahıska türklərinin Gürcüstana repatriasiya olunması ilə bağlı Gürcüstan prezidentinin 2004-cü il 29 noyabr tarixli fərmanı ilə dövlət komissiyası yaradılıb: "Komissiyaya əvvəllər münaqişələrin tənzimlənməsi üzrə dövlət naziri olmuş Georgi Xaindrava sədrlik edirdi. Həmişə onunla əlaqə saxlayardıq. İndi həmin post boş qaldığından biz komissiya üzvləri ilə əlaqə saxlayırıq".

İ.Burxanov qeyd edib ki, əgər adıçəkilən qanun layihəsində onları qane etməyən müddəalar əksini taparsa, onda Avropa Şurası, Gürcüstan rəhbərliyi və beynəlxalq təşkilatlara müraciət edəcəklər.

Əlavə edək ki, Gürcüstanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də deportasiya olunmuş Ahıska türklərini doğma yerlərinə qaytarmaqdır. Rəsmi Tbilisi 2010-cu ilədək bu məsələni həll etməlidir. Azərbaycanda isə 50 mindən çox Ahıska türkü məskunlaşıb.
a

Xəbər lenti

Xəbər lenti