Cəmiyyətdə maarifçilik istiqamətində çox az iş görülüb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov müxalifətyönlü Demokratik İslahatlar Partiyasının "Təhsil islahatlarının konseptual istiqamətləri" mövzusunda sentyabrın 21-də keçirdiyi dəyirmi masada bildirib.
Nazir təhsil sahəsi ilə bağlı edilən çıxışlara münasibət bildirib: "Görünür? natiqlərin təhsil sahəsində aparılan müsbət işlərdən xəbərləri yoxdur. Təhsilin bütün sahələri üzrə aydın konsepsiya və dövlət tərəfindən qəbul edilən 16 proqram həyata keçirilməkdədir. Təhsil sahəsində çox problemlər mövcuddur. Amma ədalət naminə görülən işləri də qiymətləndirmək lazımdır".
M.Mərdanov bildirib ki, bəzi mənbələr dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin 25 faiz təşkil etdiyini bildirir. Əslində isə bu rəqəm 17 faiz təşkil edir: "330 mindən çox təhsil işçisi var. Onların əmək haqlarının qaldırılması məsələsi gündəmə gətirilir. Hər bir müəllimə 10 şagird düşür. Amma ABŞ-da bu rəqəm 24-dür. Təhsil sahəsinə ayrılan vəsaitin 80-82 faizi əmək haqlarına sərf edilir. Qalan vəsait isə təmir-tikinti işlərinə sərf olunur".
Nazir bildirib ki, son illər Azərbaycan təhsil sahəsində irəliyə az da olsa addımlar atılıb: "Əgər dörd il bundan öncə xaricdən Azərbaycanda təhsil alanların sayı 2000 idisə, bu gün bu rəqəm 4500-dür. Bu da onu göstərir ki, bizim təhsil sahəmizdə irəliləyişlər var". Nazir ali təhsil müəssisələrində kreditləşmə prosesinin aparıldığını da bildirib. Azərbaycan Dövlət Dillər Universitetində artıq bu proses aparılır. 8 ali dövlət müssəsisəsində də bu nəzərdə tutulub: "Ancaq heç kəs bizi məcbur edə bilməz ki, Boloniya sisteminə keçək. Biz hələ buna hazır deyilik".
M.Mərdanov orta məktəblərdə 11 illik təhsil sisteminin möhkəmləndirilməsindən sonra 12 illik təhsil sisteminə keçmək barədə fikirləşə biləcəklərini bildirib.