Yunan-roma güləşçisi Rövşən Bayramov (55 kq) sentyabrın 24-də Quançjouda (Çin) dünya çempionatında çıxışa azərbaycanlı idmançılar arasında birinci başlayacaq.
Yarış cədvəlinə əsasən, həmin gün medal uğrunda mübarizəyə ötən ilin Avropa çempionu Vitali Rəhimov (60 kq) və Elbrus Məmmədov (66 kq) qoşulacaq. Bir gün sonra isə xalça üzərinə İlqar Abdulov (74 kq) çıxacaq. Yığma artıq Çinə yola düşüb və yarışa bir gün qalmış orada olacaq. Buna görə də idmançıların şəraitə uyğunlaşmaq üçün vaxtı olmayacaq.
"Klassiklər"in yarışı başa çatan kimi sərbəst güləşçilər mübarizəyə başlayacaq. Azərbaycanı Sidney Olimpiadasının qalibi Namiq Abdullayev (55 kq), Əbil İbrahimov (60 kq), Avropa birinciliyinin gümüş mükafatçısı Elman Əsgərov (66 kq), 2004-cü il Yay Oyunlarının iştirakçısı Elnur Aslanov (74 kq) və Xızır Durqayev (120 kq) təmsil edəcək.