...

Hacı Məmmədovun məhkəməsində təqsirləndirilən Eldar Rəhimov sualları cavablandırıb

Cəmiyyət Materials 29 Sentyabr 2006 14:11 (UTC +04:00)

Hacı Məmmədovun məhkəməsində təqsirləndilirən şəxs Eldar Rəhimov prokurorların və vəkillərin suallarını cavablandırıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

E.Rəhimov prokurorların sulalarını cavablandırarkən bildirib ki, "Azərmebelsənaye" Dövlət Konserninin direktoru Nazim Paşayevin və onun sürücüsü Natiq Abbasovun qətlləri ilə bağlı ilk məlumatı istintaqa o verib. "Müstəntiq Nazim Paşayevin qətlindən sonra ailəsində baş vermiş faciələrdən danışdı, mənim də ürəyim dözmədi, açıb hər şeyi danışdım" - deyə təqsirləndirilən şəxs bildirib.

E.Rəhimov məhkəmənin nəzərinə çatdırıb ki, O, Hacıya tez-tez girovlarla qəddarcasına davranmamağı təklif edirmiş: "Hacıya deyirdim ki, bu adamlar əlimizdə girovdurlar və bizə onların pulu lazımdır, canı yox. Bizim girovluğumuzda olarkən ən acınacaqlı şəraitdə saxlanılan şəxs Elşən Həsənov olub".

Prokurorlar təqsirləndirilən şəxsə 1997-ci ildə dəstəni tərk edərkən Hacının hədələri və təzyiqi ilə üzləşib-üzləşməməsi barədə sual veriblər. E.Rəhimov bildirib ki, əksinə, həmin vaxt Hacı özü onu dəstədən qovub. "Mən tez-tez Hacı ilə mubahisə edirdim ki, dəstə üzvləri arasında süni şəkildə narazılıq yaradır. Hacı başa düşürdü ki, mən onun dəstəsində könülsüzəm, ona görə də 1997-ci ildə Ülvan Bağırovun oğurlanmasından sonra özü mənə hirsli şəkildə əmr etdi ki, çıx get" - deyə o qeyd edib.

Məhkəmə iclası təqsirləndirilən şəxsin sualları cavablandırması ilə davam edir.

Xəbər lenti

Xəbər lenti