Azərbaycanın Ombudsmanı Elmira Süleymanova Avropanın İnsan hüquqlarının təşviqi və müdafiəsi üzrə milli təsisatlarının Afinada keçirilmiş dəyirmi masasında çıxış edərək ölkələr arasındakı mubarizə və münaqişələrin həlli üçün müvafiq mexanizmin işlənib tətbiq olunmasını təklif edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.
Ombudsman beynəlxalq tədbirdə çıxış edərək respublikada insan hüquq və azadlıqlarının həyata keçirilməsi sahəsində görülən işlər, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, insan hüquqlarının təmin edilməsinin daha da təkmilləşdirilməsi, əldə edilən nəticələr, həmçinin çətinliklər və problemlər barədə danışıb.
E.Süleymanova Ermənistanın təcavüzü nəticəsində Azərbaycana ölçüyəgəlməz zərər vurulduğunu, torpaqların 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının qaçqına və məcburi köçkünə çevrildiyini, çadırlarda doğulmuş yüz min uşağın kütləvi surətdə bütün insan hüquqlarından məhrum olunduğunu diqqətə çatdırıb. O, mədəniyyətlərarası dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıb, sabit inkişafın mütləq şərti olan sülh və əmin-amanlığın bərqərar olunması üçün əməkdaşlığa dəvət edib.