...

Teleradio Şurası "Azərbaycan", "Antenn", "ANS-CM" radiolarının, "ANS" televiziyasının xarici ölkə yayımlarını dayandırdı

Cəmiyyət Materials 13 Oktyabr 2006 19:13 (UTC +04:00)

Oktyabrın 13-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Bu barədə Trend ə Teleradio Şurasından məlumat verilib.

İclasda xarici ölkələrə məxsus televiziya və radio verilişlərinin Azərbaycan Respublikasında fəaliyyət göstərən milli televiziya və radio kanallarının tezliklərində yayımlanması ilə bağlı məsələ müzakirə olunub. Qeyd edilib ki, ayrı-ayrı yayımçılar tərəfindən "Azadlıq", "Bi-bi-si" və "Amerikanın səsi" radioları, habelə "Amerikanın səsi" televiziyasının verilişləri müvafiq dövlətlərarası müqavilələr olmadan Azərbaycan Respublikası ərazisində yayımlanmaqdadır. Onlardan heç birinin Azərbaycana məxsus tezliklərdə yayımlanmaq üçün xüsusi razılığı (lisenziyası) yoxdur. Halbuki televiziya və radio yayımı lisenziyalaşdırılan fəaliyyət sahəsidir.

Bunları nəzərə alaraq Milli Teleradio Şurası Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Azərbaycan" radiosunun, "Antenn" radiosunun, "ANS" televiziyası və "ANS" CM radiosunun onlara ayrılmış tezliklərdə xarici ölkə yayımlarını 1 yanvar 2007-ci il tarixədək dayandırmaları barədə qərar çıxarıb. "Azadlıq", "Bi-bi-si" və "Amerikanın səsi" radiolarına, habelə "Amerikanın səsi" televiziyasına öz verilişlərini Azərbaycana məxsus tezliklərdə yayımlamasını beynəlxalq normalar və Azərbaycan Respublikası qanunvericiliyindən irəli gələn tələblərə uyğun olaraq hüquqi cəhətdən tənzimləmək tövsiyə olunub.

Şuranın iclasında həmçinin "Space" və "Lider" telekanallarının reklam fəaliyyəti sahəsində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etmələrinə dair məsələ müzakirə olunub. Reklam fəaliyyəti sahəsində qanunvericiliyinin tələblərini pozduğuna görə, "Space TV" və "Lider TV"nin şərti maliyyə vahidinin 200 misli məbləğində cərimələnməsi barədə qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti