...

Yanvarın 15-dən Rusiyada miqrasiya uçotu haqqında yeni qanun qüvvəyə minir

Cəmiyyət Materials 21 Noyabr 2006 15:18 (UTC +04:00)

Rusiyada miqrasiya uçotu haqqında yeni qanun 15 yanvar 2007-ci ildən qüvvəyə minir. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal miqrasiya xidmətinin direktor müavini Vyaçeslav Postavnin Moskvada keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, qanunda işə icazənin verilməsi deyil, xarici vətəndaşların uçotu və qeydiyyatının xəbərdarlıq qaydası nəzərdə tutulub. "Onların əksəriyyəti, təbii ki, bura dincəlmək üçün deyil, işləmək üçün gəlir. Və əgər onlar leqal şəkildə işləmək istəyirlərsə, o zaman iş üçün icazə almalıdırlar. Ümumiyyətlə, RF ərazisinə gəlmiş xarici vətəndaş üç gün ərzində qeydiyyatdan keçməlidir, dəvət edən tərəfin olması zəruridir. Buradan dərhal məqsədin nə olduğu müəyyən olunur. Əgər ona iş verən varsa, deməli, var. Əgər yoxdusa, o zaman üç aydan sonra o, RF ərazisini tərk etməli olacaq. Əgər xarici vətəndaş icazəsi olmadan işləsə, bu zaman o, işə götürən hər adama görə 700 min rubla qədər cərimələnəcək. Mən düşünürəm ki, bu, qanunsuz xarici vətəndaşı işə götürməmək üçün ən güclü səbəbdir. Qalan məsələlər isə artıq ikinci dərəcəlidir", - deyə FMX-nin direktor müavini bildirib.

V.Postavnin həmçinin bildirib ki, bazar problemi FMX-nin səlahiyyətinə aid deyil, bununla yerli və regional hökümət orqanları məşğul olmalıdır. Eyni zamanda o əmindir ki, bir çox xarici vətəndaşların bazarda işləmək üçün müvafiq icazəsi var. Onun fikrincə, normanın təyin olunması leqal şəkildə işləyən miqrantlara heç bir təsir göstərməyəcək, lakin müvafiq fərman və qanunlar qüvvəyə minəndən sonra qeyri-leqal miqrantlar öz sənədlərinin düzgün tərtibatının qeydinə qalmalı və RF ərazisində olmalarını qanuniləşdirməlidirlər. O həmçinin qeyd edib ki, müvafiq qanunlar Rusiyada əmək miqrasiyası ilə bağlı vəziyyətin nizamlanması üçün nəzərdə tutulub. Onların qaçqın və məcburi köçkünlərə aidiyyatı yoxdur. Rusiyada məcburi köçkünlərin sayı 159 min nəfərdir, onlar isə, əsasən, Çeçenistan hadisələri nəticəsində zərər çəkənlərdir.

Hesablamalara görə, Rusiyaya hər il əlavə olaraq təxminən 1 milyon işçi qüvvəsi lazımdır, lakin ölkədə təxminən 10-12 milyon xarici işçi çalışır və onların böyük hissəsi qeyri-leqal fəaliyyət göstərir. Bu il yalnız bir milyon xarici işçi iş üçün icazə alıb.

Xəbər lenti

Xəbər lenti