...

İqtisad Məhkəməsində Əmlak Komitəsinin iddiası ilə əlaqədar məhkəmə iclası keçirilir

Cəmiyyət Materials 24 Noyabr 2006 17:35 (UTC +04:00)

Noyabrın 24-də Azərbaycan Respublikası 1 saylı İqtisad Məhkəməsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Səbail rayonu ərazisindəki Xaqani küçəsi 33 saylı binayla əlaqədar iddiasına dair məhkəmə iclası başlayıb. Trend xəbər verir ki, məhkəmə iclasına İqtisad Məhkəməsinin hakimi Ülvi Mayılov sədrlik edir.

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi həmin məhkəmədə iddia qaldıraraq Xaqani küçəsindəki 33 saylı binada yerləşən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), "Turan" İnformasiya Agentliyi, "Azadlıq" və "Bizim yol" qəzetləri, Azərbaycan Demokratiya İnkişafı Fondu və "Yeni nəsil" Jurnalistlər Birliyinin həmin ünvandan çıxarılmasını tələb edib. Komitə iddiasını belə əsaslandırıb ki, həmin bina 1992-ci ildə qədər Müəllimləri Təkmilləşdirmə İnstitutuna məxsus olub. Həmin il Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə bina İnstitutdan alınaraq "Azadlıq" qəzetinə və Azərbaycan Xalq Cəbhəsinə verilib.

İddiaçı tərəf məhkəmədə vəsatət verərək Təhsil Nazirliyinin də məhkəməyə tərəf kimi cəlb olunmasını xahiş etdi. Lakin qarşı tərəf vəsatətin əsassız olduğunu bildirdi. "Azadlıq" qəzetinin hüquqi nümayəndəsi İntiqam Əliyev məhkəmənin nəzərinə çatdırdı ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sənədlər arasında mübahisə predmeti olan binanın Təhsil Nazirliyinin balansında olması barədə sənəd yoxdur. "Digər tərəfdən isə, əgər Təhsil Nazirliyi məhkəməyə tərəf kimi cəlb olunarsa, o zaman hazırkı iddiaçı avtomatik şəçkildə prosesdən kənarlaşdırılmalıdır".

İddiaçı tərəfin nümayəndəsi Namiq Əhmədov məhkəmənin diqqətinə çatdırıb ki, mübahisəli bina 1997-ci il sentyabrın 6-da Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsinin balansına verilib. Həmin vaxtdan isə mübahisəli binada yerləşən təşkilatlar icarə haqqı ödəməyiblər. Lakin cavabdeh tərəflərin nümayəndələri bu iddianı əsassız hesab etdiklərini bildirdilər və qeyd etdilər ki, bina Şəhər İcra Hakimiyyəti tərəfindən əvəzsiz və şərtsiz verilib. Digər tərəfdən isə, Komitə heç vaxt təşkilatlara icarə müqaviləsi bağlamaq təklifi ilə müraciət etməyib.

Məhkəmə iclası vəsatətlərin müzakirəsi ilə davam edir.

Qeyd edək ki, DƏİEDK eyni tələblə 1300 obyektə qarşı iddia qaldırıb və iddiaların yarısından çoxunda binaları boşaltmağı tələb edib.

Xəbər lenti

Xəbər lenti