...

Qənimət Zahid: "Azadlıq" qəzeti "Azərbaycan" nəşriyyatına getməyəcək

Cəmiyyət Materials 27 Noyabr 2006 14:06 (UTC +04:00)

"Mən hesab edirəm ki, "Azadlıq" qəzeti "Azərbaycan" nəşriyyatına getməyəcək. Yəqin ki, özümüz başqa bir ofis axtaracağıq. Bu məsələləri redaksiya nümayəndələri ilə müzakirə etməliyik". Bu fikirləri Trend ə açıqlamasında yenicə xəstəxanadan çıxmış "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid bildirib.

Qeyd edək ki, "Azadlıq" qəzetinin yerləşdiyi binadan çıxarılmasına etiraz olaraq 14 gün aclıq aksiyası keçirən Qənimət Zahid səhhəti pisləşdiyindən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. 3 gün reanimasiyada saxlanılan Q.Zahid artıq bu gün evə buraxılıb.

"Xəstəxanadan çıxandan sonra aclığı dayandırdım və düşünürəm ki, baş verənlərdən sonra aclığı davam etdirək lazım deyil. Mən aclığa başlayanda birbaşa məqsədlərimiz var idi. Baxmayaraq ki, bu məsələ bizim istədiyimiz kimi həllini tapmadı, amma qismən də olsa, məqsədimə nail oldum. Bizim qanunsuz olaraq binadan çıxarılmağımız həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi. Hər halda biz əlimizdən gələni etdik"-deyə baş redaktor qeyd edib.

O əlavə edib ki, "Azadlıq" qəzetinin redaksiyası hazırda səyyar şəkildə fəaliyyət göstərir. Baş redaktorun sözlərinə görə, "Yeni Müsavat" qəzetinin reaksiyasında "Azadlıq" üçün bir otaq ayrılıb və qəzetin əməkdaşları orada işləyirlər. Qəzetin avadanlıqları isə "Azərbaycan" nəşriyyatının anbarındadır. "Azadlıq" qəzeti isə "Azərbaycan" nəşriyyatında yerləşməkdən imtina edir.

Qənimət Zahid səhhəti ilə əlaqədar yaxın bir həftə ərzində işə çıxmayacağını deyib. Özündə halsızlıq hiss edən Q.Zahidin ümumilikdə səhhəti qənaətbəxşdir və müalicəsi ev şəraitində davam edir.

Xəbər lenti

Xəbər lenti