...

Əflatun Amaşov: "GUAM ölkələri Mətbuat Şuralarının Koordinasiya Mərkəzi yaradıla bilər"

Cəmiyyət Materials 4 Dekabr 2006 13:29 (UTC +04:00)

GUAM ölkələri Mətbuat Şuralarının koordinasiya mərkəzinin yaradılması üçün bu ölkələrin mətbuat qurumlarının təmsilçiləri ilə məsləhətləşmələr aparılır. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib.

Şuranın sədri Əflatun Amaşov bildirib ki, danışıqların nəticəsi olaraq GUAM ölkələri Mətbuat Şuralarının Koordinasiya Mərkəzi yaradıla bilər: "GUAM ölkələrinin mətbuat nümayəndləri Azəraycan Mətbuat Şurasının təşəbbüsü ilə dekabrın 15-16-da Bakıda keçiriləcək "Postsovet məkanında medianın özünütənzimləməsi: mətbuat şuraları, onların yaranma zərurəti və rolu" mövzusundakı ikigünlük beynəlxalq konfransa qatılacaqlar. Burada da ideya ətrafında fikir mübadilələrinin davam etdirilməsi gözlənilir".

Beynəlxalq konfransla bağlı məlumat verən Ə.Amaşov postsovet məkanı ölkələrindən Rusiya, Belarus, Ukrayna, Gürcüstan və Qırğızıstan nümayəndələrinin artıq iştiraka razılıq verdiklərini deyib. Türkiyə, Böyük Britaniya, İsveçrə, Almaniya və Hollandiyadan da ekspertlərin tədbirə qatılacaqları gözlənilir. Əsas məqsəd Azərbaycan Mətbuat Şurasının fəaliyyətini təhlil edib onun təkmilləşdirilməsi yollarını müəyyənləşdirmək, həmçinin postsovet məkanı üçün vahid modelin hazırlanmasıdır.

"Sovetlər dönəmində Azərbaycanın ittifaqdakı dövlətlərlə media sahəsində sıx əlaqələri olub. Bu əlaqələr müstəqillik dövründə də inkişafını tapmalıdır. GUAM ölkələrindəki mövcud mətbuat qurumlarının koordinasiya mərkəzinin yaradılmasına ehtiyac duyulur"- deyə Ə.Amaşov qeyd edib. Onun sözlərinə görə, GUAM ölkələrinin aparıcı mətbu qurumları heç də Azərbaycan Mətbuat Şurası kimi fəaliyyət mexanizminə malik deyillər. Onlar əsasən etika üzrə komissiyalar formatındadırlar.

Xəbər lenti

Xəbər lenti