...

Güney Azərbaycan Milli Hökumətinin 61-ci ildönümü ilə bağlı İstanbulda mərasim keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2006 14:20 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təşkilatçılığı ilə Tükiyənin İstanbul şəhərində "21 Azər Hərəkatı" adı ilə tarixə düşmüş Güney Azərbaycanda Milli Hökumətin (1945-ci il) yaradılmasının 61-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Bu barədə Trend ə GAMOH-un Bakı nümayəndəliyindən məlumat verilib.

İstanbul Türk Ocağında keçirilən tədbirdə Quzey və Güney Azərbaycandan, Türkiyə və Borçalıdan olan azərbaycanlılar iştirak ediblər. GAMOH-un Türkiyə nümayəndəliyinin təmsilçisi Oqtay Türkmənçaylı "21 Azər Hərəkatı" haqda məruzə edib. Sonra GAMOH lideri Mahmudəli Çöhrəqanlının "21 Azər Hərəkatı"nın 61-ci ildönümüylə bağlı təbrik məktubu oxunub. Tədbir iştirakçıları qarşısında çıxış edənlər "21 Azər Hərəkatı"nın tarixi əhəmiyyəti barədə danışıblar. GAMOH liderinin Türkiyə üzrə müşaviri Tekin Maharlı 1945-ci ildə Güney Azərbaycanda Milli Hökumətin qurulması, onun bir il ərzindəki fəaliyyəti, Güney Azərbaycanda apardığı islahatlar haqda danışıb. Həmçinin GAMOH-un son bir ildə fəaliyyəti, Güney Azərbaycanda baş verən hadisələr barədə də məlumat verib. Bu ilin may ayında Güneydə baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar GAMOH liderinin yayda Türkiyə və Azərbaycana səfəri, bu səfərdə baş verən olaylarla bağlı açıqlamalar verib.

Azərbaycan Respublikasını, həmçinin Türkiyəni təmsil edən siyasi partiyaların, ictimai qurumların nümayəndələri də çıxış edərək Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, GAMOH İranda yaşayan azərbayacanlıların haqları uğrunda açıq mübarizə aparmaq məqsədilə 1995-ci ildə təsis olunub. Professor Mahmudəli Çöhrəqanlı və onun silahdaşları tərəfindən yaradılan qurumun dünyanın müxtəlif ölkələrində 24 təmsilçiliyi-bürosu var. Təşkilat beynəlxalq hüquq və prinsiplərə əsaslanaraq, Güney Azərbaycanın "öz müqəddəratını təyinetmə" haqqının bərpası uğrunda mübarizə aparir.

Xəbər lenti

Xəbər lenti