...

Yanvarın 18-20-də diaspor təşkilatlarımız 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirəcəklər

Cəmiyyət Materials 17 Yanvar 2007 18:02 (UTC +04:00)

Yanvarın 19-20-də Rusiya Federasiyasının bir çox vilayət və şəhərlərində 20 Yanvar - Ümumrespublika Hüzn Gününə həsr edilmiş tədbirlər keçiriləcək, şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimlərində, foto, rəsm qalareyaları və filmlər nümayiş etdiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həmçinin Belarus Azərbaycan İcmaları Konqresi yanvarın 19-da Minisk şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirəcək. Mərasimdə Belarus Respublikasında fəaliyyət göstərən başqa dövlətlərin və xalqların diaspor nümayəndələri də iştirak edəcək. Tədbirdə şəhidllərinin xatirısi yad ediləcək, onların ruhuna dualar oxunacaq və 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdiriləcək. Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi ilə birlikdə yanvarın 19-da Kiyev şəhərindəki Müəllimlər evində 20 Yanvar faciəsinin 17-ci il dönümünə həsr olunmuş böyük tədbir keçirəcək. Mərasim zamanı 20 Yanvar faciəsindən bəhs edən foto və film nümayiş etdiriləcək.

Yanvarın 19-da daha bir tədbiri Bolqarıstanda təhsil alan azərbaycanlı tələbələr təşkil edəcək. Onlar Amerika Universitetində 20 Yanvar faciəsinin 17-ci il dönümü ilə əlaqədar dəyirmi masa keçirəcəklər. Moldovada isə Ümumrespublika Hüzn Gününə həsr edilmiş mərasim yanvarın 20-də olacaq. Yanvarın 19-da Riqa şəhərində "Azəri-Iəhdət" Cəmiyyəti Azərbaycanın Latviyadakı səfirliyi ilə birlikdə qanlı Yanvar hadisələrinə həsr olunmuş yığıncaq keçirəcək.

Yanvarın 19 və 20-də Litvanın paytaxtında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi və yığıncaq keçiriləcək. Vilnusdakı mərasimlərin təşkilatçıları Litva Azərbaycanlıları Cəmiyyəti və "Günəş" cəmiyyətidir. Yanvarın 20-də isə Estoniyanın paytaxtı Tallində "Aydan" Estoniya-Azərbaycan Dostluq cəmiyyətinin təşkilatçılığı ilə mərasim düzənlənəcək. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş fotolar nümayiş etdiriləcək, şəhidlərin ruhuna ehsan veriləcək.

Yanvarın 20-də Türkiyənin İstanbul və Manisa şəhərlərində Azərbaycan Dərnəkləri Federasiyasının üzvləri, Konsulluq nümayəndələri, millət vəkilləri, Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyi və yerli KİV-in iştirakı ilə şəhidlərin anma mərasimləri təşkil olunacaq. Yanvarın 18-də Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Daşkənddə yerləşən Heydər Əliyev adına "Azərbaycan evində" 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Yanvarın 19-da Qırğızıstandakı "Heydər Əliyev Fondu"nun ofisində Türk diasporu ilə birlikdə şəhidlərin anma mərasimi təşkil ediləcək. Qazaxıstanın Almaatı şəhərində "Turan" Konqresi və digər diaspor rəhbərlərinin iştirakı ilə soydaşlarımız tərəfindən yeni tikilmiş məsciddə şəhidlərin ruhuna dualar oxunacaq, ehsan paylanacaq. Yanvarın 20-də paytaxt Astanada Azərbaycan Respublikasının Qazaxıstandakı səfirlliyinin və "Xəzər" ictimai birliyinin dəstəyi ilə "20 Yanvar"a həsr olunmuş anma mərasimi keçiriləcək. Tədbirdə 20 Yanvar hadisələrinə həsr edilmiş fotosərgi və kinofilm nümayiş etdiriləcək. Elə həmin gün Qazaxıstanın Petoropavlovsk şəhərində "Novruz" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbir olacaq. Yanvarın 18-də Tacikistanın paytaxtı Düşənbə şəhərində "Dostluq" Azərbaycan Mədəniyyət Mərkəzinin iştarkı ilə anma mərasimi təşkil olunacaq. Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının Ziyalıları Birliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə Qanlı Yanvara həsr olunmuş yığıncaq keçiriləcək, ehsan verilicək. Yanvarın 19-da Yaponiyanın Osaka Universitetində Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti, azərbaycanlı və xarici tələbələrin iştirakı ilə anma mərasimi keçiriləcək. Yanvarın 18-də Misirin Qahirə Universitetində və Cənubi Koreyanın Hanva şəhər bələdiyyəsində anma mərasimləri təşkil ediləcək.

Yanvarın 19 və 20-də Avstraliya və Yeni Zelandiyada da anma mərasimləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti