...

Xəzər suitiləri nəsli kəsilməkdə olan heyvanların siyahısına əlavə oluna bilər

Cəmiyyət Materials 13 Fevral 2007 19:03 (UTC +04:00)

2005-2006-cı illərdə aparılmış aerofoto çəkilişləri hazırda Xəzər dənizində təxminən 111 min suitinin yaşadığını aşkar edib. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun mətbuat xidmətinə istinadən Trend məlumat verir ki, 2000-ci ilin may və iyun aylarında Azərbaycanın Abşeron yarımadası, Qazaxstan, Rusiya və Türkmənistanın sahillərində minlərlə tələf olmuş suiti qeydə alınıb. Onların 10 mindən çoxu təkcə Qazaxstana aiddir. Ümumiyyətlə, suitilərin ən çox tələfatı şimalda baş verir və onların ölümünün əsas səbəbi yolxucu it taunu xəstəliyidir.

İngiltərə, İsveç, Estoniya və Xəzəryanı ölkələrin alimləri nəsli kəsilməkdə olan Xəzər suitilərinin ciddi mühafizəsinə və bərpasına başlayıb. Heyvanların ölüm səbəblərinin və hazırkı xəstəliklərinin araşdırılması, mühafizə olunması və təbii artımı istiqamətində işlər aparılır. Bu işlər "Xəzərin suitilərinə təsir edən təhlükəli amillərin aşkar edilməsi və aradan qaldırılması" adlı beynəlxalq layihə çərçivəsində həyata keçirilir. İcrasına 2006-cı ilin yayında başlanılan, İngiltərə Lids Universitetinin elmlər doktoru Saymon Qudmanın rəhbərlik etdiyi 3 illik layihə Böyük Britaniyanın "Darvin təşəbbüsü" Dövlət Proqramı tərəfindən dəstəklənir. Digər iştirakçı təşkilatlar Estoniyanın Təbiəti Mühafizə Mərkəzi, Rusiyanın Təbiətşünaslıq Cəmiyyəti, Beynəlxalq Okean İnstitutu Xəzər Dənizi Operativ Mərkəzi, Qazaxstanın Mikrobiologiya və Yolxucu Xəstəliklər İnstitutu, Türkmənistanın Xəzər Dövlət Mühafizəsi İdarəsi, İranın Ətraf Mühitin Mühafizəsi Departamenti, AMEA Geologiya İnstitutunun Həsənbəy Zərdabi adına Təbiət Tarixi Muzeyi və s.

Ötən ilin sentyabrında Bakıda layihənin ilk seminarı keçirildi və tədbirdən dərhal sonra dənizdə 10 günlük tədqiqatlar aparıldı. Həsənbəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya elmləri namizədi Tariyel Eybətovun məlumatına görə, tədqiqatlar zamanı bir dənə də olsun diri suiti tapılmayıb. Araşdırmalar yalnız ölmüş suitilərin üzərində aparılıb, heyvanların cəsədləri yarılıb və onların ölüm səbəbləri öyrənilib. Məlum olub ki, Azərbaycan sahillərindəki kütləvi cəsədlər əsasən şimaldan dalğalar vasitəsilə gəlir. Azərbaycanın yerli suitilərinin isə çoxu balıq ovçuları tərəfindən məhv edilir.

Ötən əsrdə Təbiətin Mühafizəsi Beynəlxalq Birliyi Xəzər suitilərini "zəif" növlər siyahısına əlavə edib. Hazırda isə, layihədə iştirak edən alimlər təklif edir ki, Xəzər suitiləri "Qırmızı Kitaba"da nəslikəsilmək üzrə olan heyvanların siyahısına salınsın. Artıq Azərbaycan problemin həlli istiqamətində tədbirlər görməyə başlamışdır.

Xəbər lenti

Xəbər lenti