...

Vəkillərlə bağlı İntizam Komissiyasına 20 şikayət daxil olub

Cəmiyyət Materials 5 Mart 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/Bu il yanvar-fevral aylarında Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən vəkillərlə bağlı 20 şikayət araşdırılıb. İntizam Komissiyasının sədri Həzi Məmmədov bildirib ki, şikayətlər daha çox vəkillik borcunun yerinə yetirilməməsi ilə bağlıdır. Bununla belə o, daxil olan şikayətlər sırasında əsassız şikayətlərin üstünlük təşkil etdiyini vurğulayıb. Komissiya sədrinin sözlərinə görə, vətəndaşların böyük qismi hesab edir ki, məhkəmə onun əleyhinə qərar çıxarırsa, vəkilin hesabına keçirilən qonarar geri qaytarılmalıdır: "Vəkil işin nəticəsi barədə vətəndaşa təminat vermir. Bu məsələ ilə bağlı şikayətlər çoxdur. Bu isə vətəndaşların qanunlardan xəbərsiz olması ilə bağlıdır". Daxil olan hər bir şikayət araşdırılandan sonra onlar barəsində Kollegiyanın Rəyasət Heyətinə müvafiq rəy verilir. Bu il ərzində daxil olan şikayətlər araşdırılarkən onların böyük qisminin əsassız olduğu müəyyənləşdirilib.

Ötən il Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən 87 şikayətə baxılıb. Ötən 2 il ərzində 3 vəkilin Kollegiya üzvlüyündən çıxarılması və vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə təqdimat göndərilib. Bu müddətdə müxtəlif pozuntulara yol vermiş 8 vəkilə Rəyasət Heyətinin qərarı ilə töhmət verilib.

H. Məmmədov bildirib ki, vətəndaşlar daha çox ev alqı-satqı, icarə, ev bölgüsü, qeyri-yaşayış sahələrindən istifadə, vərəsəlik və s. məsələlərlə bağlı vəkillərə müraciət edir.

Xəbər lenti

Xəbər lenti