...

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yaradıldı

Cəmiyyət Materials 13 Aprel 2007 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Cümə axşamı Təl-Əviv şəhərində keçirilən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təsis qurultayında İsrail baş nazirinin müavini, strateji planlaşdırma naziri Aviqdor Liberman, turizm naziri İsax Aranoviç, nəqliyyat naziri Şaul Mofaz, bu ölkənin bir sıra tanınmış ictimai xadimləri, KİV nümayəndələri, Azərbaycandan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Türkiyədən bu ölkənin İsraildəki səfiri Mehmet Tan, Mərmərə Sosial-Siyasi Araşdırmalar Vəqfinin prezidenti Akkan Suverin başçılığı ilə nümayəndə heyəti qurultaya qonaq qismində qatılıb. Qurultayda ABŞ, İsveçrə, Ukrayna, Rusiya, Moldova, Özbəkistan və digər ölkələrdəki yəhudi icmalarının nümayəndələri iştirak ediblər.

Qurultayda İsralin 26 şəhərində yaşayan 30 minə yaxın Azərbaycandan köçmüş yəhudini təmsil edən 30 Azərbaycan icması tərəfindən seçilmiş 408 nəfər nümayəndə iştirak edib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri İbrahimov çıxışında Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılmasını Azərbaycan diasporunun həyatında mühüm hadisə kimi qiymətləndirib. O, 2500 ilə yaxın dövr ərzində Azərbaycanda yaşayan yəhudilərin həmişə tamhüquqlu vətəndaş olduğunu, təhlükəsiz şəraitdə yaşadığını qeyd edib: "Yəhudilər daim azərbaycanlılarla dostluq və mehribanlıq şəraitində yaşamış, ən çətin məqamlarda bir-birinə dayaq olmuşlar. Azərbaycanda antisemitizm meyilləri heç vaxt mövcud olmayıb, ölkəmizdə yəhudi sinaqoqları sərbəst fəaliyyət göstərib, dövlətimiz daim yəhudilərə diqqətlə yanaşıb" - deyə Komitə sədri vurğulayıb.

İbrahimov Azərbaycan və yəhudi xalqlarının daim deportasiyalara və soyqırımlara məruz qaldığını xatırladıb, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yəhudi diasporunun dəstəyinə böyük ehtiyac duyulduğunu vurğulayıb.

İsrailin strateji planlaşdıma naziri Liberman isə çıxışında Assosiasiyanın Azərbaycan-İsrail münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayacağına inandığını söyləyıb. O, Azərbaycanda həmişə yəhudilərə qarşı yüksək tolerantlığın olduğunu deyib.

İsrailin nəqliyyat naziri Mofaz Azərbaycan-İsrail Assosiasiyasının yaradılmasını qeyri-adi hadisə kimi qiymətləndirərək Azərbaycandan köçmüş yəhudilərin bir araya gəlməsini onların bizim ölkəyə sevgisinin təzahürü oduğunu deyib. Nazir Azərbaycanın ən çətin məqamlarda yəhudi xalqına dəstək olduğunu dilə gətirib.

İsrailin turizm naziri Aranoviç Azərbaycandan köçmüş yəhudiləri İsraillə Azərbaycan arasında "körpü" adlandırıb, ölkəsində 80 mindən çox Azərbaycan əsilli yəhudi yaşadığını deyib. Türkiyənin Mərmərə Sosial-Siyasi Araşdırmalar Vəqfinin prezidenti Suver tədbirdə İsralin üç nazirlə təmsil olunmasını dövlətin bu qurultaya verdiyi əhəmiyyətin göstəricisi kimi qiymətləndirib.

Sonra təşkilati məsələlərə baxılıb, Assosiasiyanın proqram və Nizamnaməsi təsdiq edilib, İsrail Parlamentinin deputatı İosif Şaqal Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri seçilib. Həmçinin regionlar üzrə sədr müavinləri, Rəyasət Heyətinin, İdarə Heyətinin, İctimai

Şura və Ağsaqallar Şurasının üzvləri seçilib, Təşkilatın nəzdində müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək 12 komitə yaradılıb.

Sonda qurultayın qətnaməsi və iştirakçılar adından Azərbaycan Prezidentinə və İsrailin Baş Nazirinə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti