...

Hüquq müdafiəçilərinin Venesiya Komissiyasında görüşü olacaq

Cəmiyyət Materials 13 Aprel 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ AŞPA-nın yaz sessiyasında iştirak edəcək hüquq müdafiəçiləri səfər çərçivəsində Venesiya Komissiyasında görüşlər keçirəcəklər. Bu barədə cümə günü sessiyada iştirak edəcək hüquq müdafiəçiləri keçirdikləri mətbuat konfransında məlumat veriblər.

Bildirilib ki, görüş zamanı Seçki Məcəlləsinə dəyişikliklər, seçki komissiyalarının formalaşdırılması haqqında müzakirələr aparılacaq. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycanla bağlı hazırladığı məruzənin kifayət qədər obyektiv olduğunu vurğulayan hüquq müdafiəçiləri sessiya zamanı həmin məruzəyə bir sıra əlavələr edəcəklərini deyiblər. Əlavələr isə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesində yol verilən hüquq pozuntuları, millət vəkili Hüseyn Abdullayevin həbsi, mətbuata, söz azadlığına olan təzyiq və təpkilərlə bağlıdır.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, sessiyada Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin konkret icra müddətinin müəyyənləşdirilməsinə çalışacaqlar.

Səfər ərzində nümayəndə heyəti üzvlərinin AŞPA-nın prezidenti, Monitotinq, İnsan hüquqları, Siyasi və Qarabağ komitələrində görüşləri nəzərdə tutulub.

Bu sessiyanın işindən çox şey gözlədiklərinə ümid edən hüquq müdafiəçiləri Azərbaycan nümayəndə heyətinin mandatının əlindən alınması ilə bağlı məsələnin qaldırılmasını düzgün hesab etmirlər. Onlar bildiriblər ki, Qarabağla bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bu müzakirələrdə iştirakı vacibdir.

Xəbər lenti

Xəbər lenti