...

Səməd Seyidov: "Avropa Şurası sabiq nazirləri siyasi məhbus kimi tanımır"

Cəmiyyət Materials 24 Aprel 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Avropa Şurası sabiq səhiyyə naziri Əli İnsanov və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi siyasi məhbus kimi tanımır. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyasının yekunları ilə bağlı çərşənbə axşamı Milli Məclisdə keçirilən mətbuat konfransında məlumat verib.

Seyidov qeyd edib ki, Azərbaycanın öhdəlikləri ilə bağlı hazırlanan məruzədə Ə.İnsanov və F.Əliyevin adları çəkilib. "Məruzədə qeyd olunub ki, Avropa Şurası bu şəxslərlə bağlı prosesin obyektiv aparılmasında maraqlıdır. Orada siyasi məhbus anlayışı yoxdur", -deyə nümayəndə heyətinin rəhbəri bildirib.

O xatırladıb ki, sabiq səhiyyə nazirinin məhkəməsi artıq başa çatıb. Seyidov qeyd edib ki, Fərhad Əliyevin də məhkəməsinin yaxın vaxtlarda başlayacağına və prosesin açıq keçiriləcəyinə əmindirlər: "Ümid edirik ki, Avropa Şurası ekspertləri və müşahidəçilərinin məhkəmə prosesində iştirakı təmin olunacaq".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov isə bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında tövsüyyələr verən bir təşkilatın məruzəsində korrupsiyaçı olduqları şübhə doğurmayan şəxslərlə bağlı məsələni qeyd etməsi təəssüf doğurur: "Bu, Avropa Şurasına başucalığı gətirmir".

Hüseynov vurğulayıb ki, kimsə Azərbaycan məhkəmələrinin qərarından narazıdırsa, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilər. Millət vəkili qeyd edib ki, Azərbaycanın hər bir vətəndaşı bu hüquqa malikdir: "Ona görə də Əli İnsanov və Fərhad Əliyevlə bağlı məsələ AŞPA-nın məruzəsindən çıxarılmalıdır".

Xəbər lenti

Xəbər lenti